Skolioz, həm kürəyin orta hissəsindəki döş fəqərələrini, həm də bel nahiyəsindəki bel fəqərələrini əhatə edə bilər və bu vəziyyət onurğanın struktur pozğunluğu hesab edilir.
Skolioz, normal halda düz olan onurğanın yana əyilməsi ilə yaranır. Onurğa fəqərələr adlanan bloklardan ibarətdir və sağlam onurğa arxadan baxıldıqda dümdüz görünür. Skoliozlu şəxslərdə onurğa, adətən S və ya C şəklində əyilir və bu əyilmə fəqərələrin dönməsi ilə şəxsin bir tərəfə əyri durmasına səbəb olur.
Skolioz, onurğadakı əyriliyin rentgendə 10 dərəcə və ya daha çox olması ilə diaqnoz edilir. Bu əyrilik onurğanın sağında, solunda və ya müxtəlif bölgələrdə hər iki tərəfdə yarana bilər. Skolioz, həm kürəyin orta hissəsindəki döş fəqərələrini, həm də bel nahiyəsindəki bel fəqərələrini əhatə edə bilər və bu vəziyyət onurğanın struktur pozğunluğu hesab edilir.
Döş qəfəsi və kürəkdəki asimmetriyaya diqqət!
Onurğanın öndən baxıldıqda sağa və ya sola əyilməsinə skolioz deyilir. Uşaq və yeniyetmələrdə rast gəlinən idiopatik skolioz tez-tez müşahidə edilən bir vəziyyətdir.
Müalicə tələb etməyən kiçik skoliozlar qız və oğlan uşaqlarında bərabər nisbətdə görülsə də, klinik olaraq müalicə tələb edən skoliozların təxminən 85 faizi qız uşaqlarında ortaya çıxır.
Səbəbi tam olaraq bilinməyən idiopatik skoliozun ilk əlamətləri döş qəfəsi və kürəkdə asimmetriya olaraq özünü göstərir və ailələr adətən “Uşağımız əyri durur” şikayəti ilə həkimə müraciət edirlər.
Valideynlər uşaqlarında skoliozun olub-olmadığını necə yoxlaya bilərlər?
Valideynlər skolioz barədə müəyyən yoxlamalar apara bilərlər. İlk olaraq, valideynlər uşağın belindən 90 dərəcə önə əyilməsini təmin etməlidir.
Əyilən uşağın kürəyinə üfüq xətti kimi baxılmalıdır. Sağ və sol tərəflər arasında tam simmetriya varsa, praktik olaraq bu skolioz deyil.
Sağ və sol tərəf arasında olan ciddi asimmetriya və iki tərəf arasında 4-5 millimetrdən çox fərq skolioza işarə edə bilər. Bu halda ailələrin həkimə müraciət etməsi və uşağa rentgen çəkilməsi faydalıdır.
Skolioz ağrıya səbəb olurmur?
Skoliozun özü ağrıya səbəb olmur. Ağrılı fərqli vəziyyətlər skolioza səbəb ola bilər.
Məsələn, onurğada yaranan şişlər ağrıya səbəb ola bilər. Uşaqlar yaşadıqları ağrı ilə özlərini bir tərəfə əyə bilərlər. Bu ağrı da valideynlər tərəfindən skolioza bağlana bilər.
Bununla yanaşı, yaşlanan skoliozlu şəxslər həmyaşıdlarına görə daha çox ağrı çəkə bilərlər. Çünki skolioz həm onurğanı, həm də ətrafındakı əzələləri yorur. Xüsusilə skoliozu olan qadınlar, uzunmüddətli dövrdə bir qədər ağrı yaşaya bilərlər.
Lakin adətən yeniyetmələrdə skolioz səbəbi ilə ağrıya çox rast gəlinmir.
Skoliozu olan uşaqlar idmanla məşğul ola bilərmi?
Skoliozlu uşaqların idmanla məşğul olmasında problem yoxdur. Bu uşaqlara skoliozlarını düzəltmək üçün deyil, forma girmələri üçün idman etmələri tövsiyə olunur.
Uşaqlar istədikləri idman növü ilə məşğul ola bilərlər, burada yeganə istisna ağırlıqqaldırma idmanıdır.
Skoliozu olan uşaqlar, bədəni çox ciddi ağırlıq altına salan idman növləri xaricində bütün idman növləri ilə məşğul ola bilərlər.
Əyri oturmaq skolioza səbəb olurmu?
Əyri oturmaq skolioza səbəb olmur. Normal, sağlam bir uşağın və ya böyüyün düzgün oturmadığı üçün onurğasının əyiləcəyini göstərən elmi bir araşdırma yoxdur.
Belə bir şey yalnız çox ekstremal hallarda; məsələn, uzun müddət eyni vəziyyətdə bağlı qaldıqda və ya bədən iflici olan şəxslərdə ola bilər.
Bildiyimiz, ən çox rast gəldiyimiz yeniyetmə skoliozu irsi bir xəstəlikdir, oturma vəziyyəti ilə əlaqəsi yoxdur.
Məktəb çantası skolioza və ya başqa onurğa əyriliklərinə səbəb olurmu?
Məktəb çantalarının skolioza səbəb olması hər il məktəblər açılanda təkrarlanan bir müzakirə mövzusudur.
Skoliozun bir xəstəlik olduğu və çanta daşımaq kimi oxşar vəziyyətlərdən təsirlənməyəcəyi bilinməlidir. Uşaqlar çanta daşıyarkən çanta tərəfinə doğru əyilirlər, lakin bu əyilmə qətiyyən qalıcı deyil.
Bu günə qədər skolioz ilə bağlı aparılan elmi araşdırmaların heç birində çantanın amil olduğuna dair məlumat ortaya qoyulmamışdır. Ancaq bu çantaların tamamilə zərərsiz olduğunu göstərmir.
Çanta uşağın onurğasının formasını pozmur, lakin ağırlığı artdıqca bel və kürək ağrısına səbəb olur. Belə ki, bədən çəkisinin 10%-i qədər ağır çanta daşıyan uşaqda bel ağrısı olma ehtimalı çanta ağırlığı 15-20% olan uşaqlara görə əhəmiyyətli dərəcədə azalır.
Hansı skolioz növləri təhlükəli ola bilər?
Uşaq üçün ciddi risk yarada bilən və mütləq müalicə edilməli olan skolioz tipləri aşağıdakılardır:
- Erkən yaşlarda ortaya çıxan skoliozlar mütləq ciddi qəbul edilməlidir. Çünki xəstənin qarşısında uzun boy artımı dövrü var.
- Uşaqların çox sürətlə irəliləyən skoliozları mütləq ciddi qəbul edilməlidir. Çünki həm kritik səviyyələrə çatma ehtimalı yüksəkdir, həm də altında bəzi sinir sistemi və ya onurğa xəstəlikləri ola bilər.
- Yaş nə qədər olursa olsun, müəyyən səviyyələri (arxada 50 dərəcə, beldə 40 dərəcə) keçən skoliozlar ciddi qəbul edilməlidir. Çünki bu səviyyələri keçən skoliozlar böyümə bitmiş olsa belə, ömür boyu irəliləyə bilər və ciddi kosmetik problemlərə səbəb ola bilər.
- Yaş nə qədər olursa olsun, 80 dərəcədən yüksək skoliozlar çox ciddi qəbul edilməlidir. Çünki bu səviyyələrin üzərindəki skolioz irəli yaşlarda tənəffüs problemlərinə səbəb ola bilər və yaşam gözləntisini azalda bilər.
- Əzələ xəstəlikləri və digər ciddi xəstəliklərlə birlikdə ortaya çıxan skoliozlar da ciddi qəbul edilməlidir. Çünki bu rahatsızlıq çox sürətlə irəliləyə bilər və həyat keyfiyyətinə mənfi təsir edə bilər.